ELM VƏ TƏHSİL
AMEA-nın əməkdaşları Avstriyada və Gürcüstanda elmi tədqiqatlar aparırlar
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun (AEİ) əməkdaşları “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi, 18-ci əsrin sonu və 21-ci əsr” layihəsi çərçivəsində Avstriyada və Gürcüstanda elmi tədqiqatlar aparırlar.
AEİ-dən AZƏRTAC-a bildiriblər ki, Avropa Komissiyasının “Horizon 2020” Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən bu layihə cari ilin yanvarından etibarən həyata keçirilir. Dörd il davam edəcək layihəyə 12 ölkədən elm adamları qatılırlar. Layihənin ümumi əlaqələndiricisi Avstriyanın Karl və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropa tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kayzerdir. Azərbaycan üzrə layihənin milli əlaqələndiricisi isə AEİ-nin əməkdaşı Zaur Həsənovdur.
Layihənin ilk mərhələsi bu il yanvarın 14-də Gürcüstanın Şota Rustaveli adına Batumi Dövlət Universitetində həyata keçirilib. Bu mərhələ ilə bağlı təşkil olunan ilk texniki və nəzəri seminarı Karl Kayzer və onun rəhbərlik etdiyi kafedranın əməkdaşı Dominik Gutmeyr aparıblar. Seminara Zaur Həsənov da qatılıb və bu təşəbbüsə AMEA-nın səkkiz əməkdaşını cəlb edib. Beləliklə, iyunun 12-dən etibarən Zaur Həsənov və AEİ-nin digər əməkdaşı Orxan Zamanov layihə çərçivəsində ilk elmi ezamiyyətlərini Qrats Universitetində keçirirlər.
Layihə çərçivəsində, həmçinin AEİ-nin mütəxəssisləri Səfər Aşurov, Fərhad Quliyev, Xaqani Alməmmədov, Pərviz Qasımov, Valeh Ələkbərov, eləcə də Tarix İnstitutunun əməkdaşları İradə Bağırova, Şamil Rəhmanzadə Gürcüstanın Batumi Dövlət Universitetində ezamiyyətdədirlər.
AMEA-nın əməkdaşları ezam olunduqları ölkələrdə həmkarları ilə elmi mübadilə xarakterli görüşlərə qatılır, həmçinin arxeoloji abidələrlə tanış olur, kitabxanalarda, elmi mərkəzlərdə və arxivlərdə tədqiqatlarını davam etdirirlər.