SİYASƏT


Azərbaycan Fransaya nota verib

Azərbaycan Fransaya nota verib

Bakı, 23 dekabr, AZƏRTAC

Fransanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası təqdim edilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, dekabrın 22-də Fransanın İl-dö-Frans regionunun prezidenti, Fransada keçiriləcək prezident seçkilərinə Respublikaçılar partiyasının namizədi Valeri Pekrez Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər edib.

Seçkiqabağı kampaniya çərçivəsində digər fransız siyasətçilərin müşayiəti ilə həyata keçirilən bu səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlməklə ölkənin milli qanunvericiliyinin pozulması halıdır.

Xarici İşlər Nazirliyi qanunsuz səfər ilə bağlı Fransa səfirliyinə qəti etirazını bildirib və Azərbaycan Respublikasının müvafiq qanunlarının tələblərini ciddi şəkildə pozan sözügedən Fransa vətəndaşlarının milli qanunvericiliyimizə uyğun olaraq məsuliyyət daşıdığını xatırladıb.

Fransadan olan bir qrup siyasətçinin bu addımının Azərbaycan-Fransa ikitərəfli əlaqələrinə ziyan vurduğu, eyni zamanda, Fransanın regionda nüfuzuna və münaqişənin başa çatmasından sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında oynaya biləcəyi rola ciddi xələl gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Fransa vətəndaşlarının adları ölkəmizə girişi arzuolunmaz şəxslər siyahısına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.