REGİONLAR
Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi Abşeron rayonunda təntənəli şəkildə qeyd edilib
Xırdalan, 2 iyul, Ətrabə Rzayeva, AZƏRTAC
İyulun 2-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Polisinin yaranmasının 100 illik yubileyi və polis işçilərinin peşə bayramı qeyd edilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın ulu öndəri Heydər Əliyevin xatirəsini yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
AZƏRTAC xəbər verir ki, Abşeron rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Torpaqlarımızın müdafiəsində şəhid olmuş və xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxunub.
Tədbirdə Azərbaycan Polisinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon polis işçilərini Polis Günü münasibətilə təbrik edərək Azərbaycan Polisinin ulu öndər Heydər Əliyevin dövlətçilik xəttinə, Prezident İlham Əliyevin müdrik siyasətinə həmişə sadiqliyini vurğulayıb və bunun daxili işlər orqanlarının əməkdaşları üçün ən böyük şərəf və qürur mənbəyi olduğunu diqqətə çatdırıb.
Azərbaycan Polisinin 100 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, respublikamızda müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynadığını deyən icra başçısı, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.
Digər çıxış edənlər bildiriblər ki, Abşeron Rayon Polis İdarəsi də daim diqqət və qayğı ilə əhatə olunub. Belə ki, 2015-ci ildə Abşeron Rayon Polis Şöbəsinə Polis İdarəsi statusu verilib, Mehdiabad polis bölməsi yaradılıb, idarəyə əlavə ştatlar verilib. Əməkdaşların sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır. İdarə əməkdaşları da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır, rayon ərazisində ictimai qaydaların qorunması və asayişin təmin edilməsi istiqamətində xidməti vəzifələrinin icrasına məsuliyyətlə yanaşırlar.
Sonra xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanı, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Tədbir bayram konserti ilə davam edib. Əməkdar Artist Təyyar Bayramovun, muğam müsabiqəsinin qalibi Nigar Şabanovanın, “Xalq ulduzu” yarışmasının qalibi Tural Salmanovun və digər müğənnilərin çıxışları, həmçinin Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestrinin ifası maraqla qarşılanıb.