ELM VƏ TƏHSİL
“Əzizxan” kitabı - Azərbaycan aliminə verilən yüksək dəyər
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru Məhərrəm Hüseynovun “Əzizxan” şeir kitabı “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, kitabın redaktoru filologiya üzrə elmlər doktoru, professor Təyyar Salamoğlu, “Ön söz”ün müəllifi isə Ağahəsən Bədəlzadədir.
“Əzizxan” poeması Azərbaycan dilçilik elmində xüsusi yeri olan dil tarixçisi, professor Əzizxan Tanrıverdiyə həsr olunub.
Kitabda görkəmli alim Əzizxan Tanrıverdinin şəxsiyyətinin zənginlikləri, erudisiyasının genişliyi, elmi yaradıcılıq keyfiyyətləri əhatəli poetik kontekstdə təqdim edilib. Əsərdə elm adamının bədii obrazı, onun yaradıcılıq aləmi, alim fərdiyyəti zəngin təsvir vasitələri ilə ifadə olunub.
“Əzizxan” alim obrazının həssas təcəssümüdür. Müəllif bədii qəhrəmanının elmi fəaliyyətini xalqın, zamanın, cəmiyyətin mənafeyi ilə əlaqələndirərək alim şəxsiyyətini qabaqcıl fikirlər işığında təqdim edib. Bir sözlə, bu əsər Azərbaycan aliminə verilən yüksək dəyərdir.