MƏDƏNİYYƏT
BMA-da elmi-praktiki konfrans - “Tar sənətinin zirvəsində”
Bakı, 27 aprel, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycanın görkəmli ustad sənətkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin 55 illik yaradıcılıq fəaliyyəti və 75 illiyinə həsr olunmuş elmi-praktiki konfransı keçirilib.
BMA-dan AZƏRTAC-a bildirilib ki, konfransda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Ramiz Quliyevlə birlikdə bir neçə xarici ölkələrdə qastrol konsertlərində olduğunu qeyd edib: “Bu konsertlər arasında ən yadda qalanı Ağdamın Şelli kəndi istiqamətində əsgər kazarmasının önündə güllə yağışı altında Ramiz Quliyevin çıxışı idi. Hətta düşmən tarzənin gəlişini bilib, bir qədər də şiddətli atəş açmasına baxmayaraq, Ramizin döyüşkən tarı “Mahuru”, “Segahı”, “Çahargahı” çalmaqla düşmənin atəşini susdurmuşdu”.
Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə öz çıxışında hörmətli professor Ramiz Quliyevin elmi fəaliyyətindən, gənc ifaçıların yetişməsində böyük zəhmətindən söhbət açıb.
Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Ramiz Quliyevin həyat və yaradıcılığından söhbət açıb.
Sonra Xəzər Universitetinin rektoru, professor Hamlet İsaxanlı, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, A.Zeynallı adına Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəylinin Ev -muzeyinin direktoru Sərdar Fərəcov ürək sözlərini bölüşüblər.
Sonda Ramiz Quliyev çıxış edərək iştirak edən qonaqlara təşəkkürünü bildirib.