CƏMİYYƏT
Bakı dairəvi avtomobil yolunun mühafizə zolağında 2000 ədəd ağac əkilib
Bakı, 30 noyabr, AZƏRTAC
Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi mühafizə zolaqlarında yaşıllıq zolaqlarının salınması ilə bağlı işləri davam etdirir.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə işlər növbəti dəfə Bakı dairəvi avtomobil yolunun mühafizə zolağında icra olunub. Ərazidə ümumilikdə 2000 ədəd olmaqla eldar şamı, akasiya, göyrüş ağacları əkilib.
Qeyd olunub ki, avtomobil yollarının təhkim zolağında 2022-ci ilin yanvar-noyabr aylarında 68 min 637 müxtəlif növ ağac və kol bitkisi əkilib. 2020-2021-ci illərdə əkilən ağac və kol bitkilərin sayı isə ümumilikdə 258 min 157-dir.
Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1 milyon 399 min 649 çoxillik ağac mövcuddur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 18,8 hektar ərazidə yaradılmış 9 tinglik sahədə yetişdirilən 296 min 475 müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 121 min 346 ağac və kol bitkisi yetişdirilir.