SİYASƏT
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir: “Evdən uzaqda ümid”
Bakı, 19 iyun, AZƏRTAC
İyunun 19-da Bakıda “Evdən uzaqda ümid” mövzusunda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Miqrasiya Komitəsinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.
AZƏRTAC xəbər verir ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunan tədbirdə Milli Məclisin deputatları, nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, Azərbaycanda akkreditasiya olunmuş rezident diplomatik missiyaların, BMT qurumlarının, humanitar və inkişafyönümlü yerli və beynəlxalq təşkilatların, qaçqın və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Dünyada milyonlarla insanın qaçqınlıq həyatı yaşadığını və məhrumiyyətlərlə üzləşdiyini diqqətə çatdıran BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycandakı nümayəndəsi Bik Lum bildirib ki, Azərbaycan vətəndaşları bu həyatı yaşayan xalq kimi müharibədən, zorakılıqdan əziyyət çətən insanları anlayır. Qaçqınların ən böyük arzusu öz evlərinə qayıtmaqdır.
B.Lum Azərbaycan hökumətinin BMT QAK-la səmərəli əməkdaşlıq etdiyini və müxtəlif layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. O, tədbirdə iştirak edənlərə müharibə, zorakılıq və təqib səbəbindən evlərindən, vətənlərindən didərgin düşmüş milyonlarla insanlara həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirib.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Azərbaycanın qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlərdə təcrübəsi olduğunu və didərginlik həyatı yaşayan insanların zəruri problemlərinin həll edilməsi, inteqrasiyası istiqamətində ölkəmizdə mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb. Dünyada qaçqınların sayının ildən-ilə artdığını deyən Vüsal Hüseynov bildirib ki, qaçqınların problemlərinin həlli üçün ən mühüm amil maraqlı tərəflərin bir araya gəlməsidir.
Vurğulayıb ki, 2020-ci ildə Vətən müharibəsində Zəfərimizdən sonra artıq məcburi köçkünlərimiz öz doğma evlərinə qayıdırlar.
Sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanın məcburi köçkün problemini yaşayan ölkə olaraq bu sahədə təcrübəsi olduğunu qeyd edib. O, ölkəmizin kənardan gələn iki minə yaxın qaçqının qayğısını çəkdiyini vurğulayıb.
BMT-nin vətənini tərk etmək məcburiyyətində olan insanlarla həmrəylik nümayiş etdirdiyini qeyd edən V.Andreyeva qaçqınların problemlərinin həlli üçün yeni yol xəritəsi hazırlanacağını da diqqətə çatdırıb.
Çıxışlardan sonra qaçqınların inklüzivliyinin təşviqi məqsədilə qaçqın və yerli uşaqların iştirakı ilə keçirilmiş rəsm müsabiqəsinin nəticələri açıqlanıb.
Tədbir bədii hissə ilə davam edib.