SİYASƏT
“Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabının təqdimatı keçirilmişdir
Bakı, 2 sentyabr (AZƏRTAC). Sentyabrın 2-də Beynəlxalq Mətbuat Mərkəzində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabının təqdimatı keçirilmişdir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə kitabın nəşr olunmasının məqsəd və məramlarından geniş söz açılmışdır.
Qeyd edilmişdir ki, 20 il əvvəl ermənilər Kəlbəcər rayonunun Başlıbel kəndində soyqırımı törətmişlər: Son illər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xeyli iş görülmüşdür. Lakin Dağlıq Qarabağ müharibəsi zamanı elə hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər vardır ki, həmin faciəli hadisələr barədə beynəlxalq ictimaiyyətə kifayət qədər məlumat çatdırılmamışdır. Belə hadisələrdən biri də 20 il əvvəl Başlıbel kəndində törədilmiş faciədir.
Bildirilmişdir ki, cari ilin aprelindən başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Regional İnsan Hüquqları və Media Mərkəzi tərəfindən “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində “Başlıbel faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə” kitabı nəşr edilmişdir. Kitabda ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərdən biri – Başlıbel faciəsi ilə bağlı məlumatlar əksini tapmışdır. Nəşrdə Başlıbel kəndində törədilmiş soyqırımının canlı şahidlərinin fikirləri yer almış, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin şücaəti, Vətən sevgisi təkzibedilməz faktların dili ilə oxucuya çatdırılmışdır.
Vurğulanmışdır ki, kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir edilmişdir.
Tədbirdə çıxış edənlər kitabın həm də Başlıbel kəndinin tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıdığını vurğulamışlar.