İQTİSADİYYAT
Dövlət İqtisad Universitetində startap müsabiqəsi keçirilib
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Beynəlxalq İqtisadiyyat (ingilisdilli)” kafedrasının nəzdində fəaliyyət göstərən “ISE Start-up Club”un təşkilatçılığı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “I2B – İdeyadan Biznesə” layihəsi ilə birgə startap müsabiqəsi keçirilib. Tədbirin əsas partnyorlarından biri UNEC karyera mərkəzidir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin açılış mərasimində nazirliyin informasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov ölkəmizdə startap hərəkatının genişləndirilməsi sahəsində həyata keçirilən işlərdən danışıb. Məlumat verib ki, son illər bu istiqamətdə uğurlu nəticələr əldə olunub.
O, “İdeyadan Biznesə” layihəsi çərçivəsində Bakını və respublikanın 7 regionunu əhatə edən startap turları zamanı ötən il 15 layihənin startap meyarlarına uyğun olaraq təkmilləşdirildiyini, həmin ideyaların real prototipə çevrildiyini qeyd edib. Bildirib ki, turlar regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradır.
“Startap turlarının finalında 3 layihə əsas qalib olub, amma ümumilikdə 75 ideya layihə kimi formalaşıb. Bu, ideyası olan gənclərdə cəsarət və motivasiya yaradır. Bu gün ideyası olan, amma onu layihələndirməkdə çətinlik çəkən onlarla gənc var. Bizim məqsədimiz onları tapıb ortaya çıxarmaq və birlikdə yeni innovativ layihələr ərsəyə gətirməkdir. Bu baxımdan, Azərbaycan Dövlət İqtisad Universitetinin keçirdiyi bugünkü tədbiri məqsədəmüvafiq hesab edirik”, - deyə R.Əzizov bildirib.
Tədbirdə UNEC-in 36 tələbəsindən təşkil olunmuş komandalar 11 startap layihəsi təqdim edib. Tələbələrin hazırlığı “ISE Start-up Club”un yaradıcısı və sədri olan Turan Süleymanov tərəfindən aparılıb. Bu məqsədlə tələbələrə seminarlar keçirilib, məruzələr dinlənilib. Beləliklə, “Cancarryou”, “Football Union”, “iFood”, “edulife.az” və “Boomerang” layihələri qalib seçilib. Layihənin qaliblərinə nazirlik tərəfindən mükafatlar təqdim olunub. Eyni zamanda, onlar “I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilən startap turlarının ölkə üzrə finalına vəsiqə əldə ediblər.