ELM VƏ TƏHSİL


Dövlət qulluğu vəzifələrinə müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib

Bakı, 8 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən fevralın 28-nə elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Mərkəzdən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibələrin aprelin 15–də və mayın 30-da keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 14 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 91 (A növünə aid 4 vakant vəzifə üzrə 4 yer, B növünə aid 87 vakant vəzifə üzrə 98 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 215 namizədlə 329 müsahibənin keçirilməsi nəzərdə tutulur.

Ən yüksək müsabiqə vəziyyəti Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq əlaqələr sektorunda məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) və informasiya şöbəsinin vətəndaşların müraciətinə baxılması sektorunda aparıcı məsləhətçi (1 yerə 13 namizəd), Dövlət Turizm Agentliyinin turizm siyasəti və strategiya şöbəsinin təhsil və təlim sektorunda aparıcı məsləhətçi (1 yerə 14 namizəd), Mingəçevir Rayon Məhkəməsində məsləhətçi-kompüter proqramçısı (1 yerə 13 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in rəsmi saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurs sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar mərkəzin məlumat bazasında qeydiyyata alınır. Namizəd seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adını seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmalıdır.

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.