SİYASƏT
Kubatbek Boronov: Qırğızıstan Azərbaycan ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verir
Bişkek, 21 iyun, AZƏRTAC
Qırğızıstan qardaş Azərbaycan ilə qarşılıqlı etimad və bir-birinin maraqlarına hörmət əsasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir.
Bu fikri Qırğızıstan Baş nazirinin birinci müavini, Qırğızıstan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Kubatbek Boronov ölkəmizin səfiri Hidayət Orucovla görüşündə söyləyib. Kubatbek Boronov Azərbaycanda uğurla keçirilən prezident seçkiləri münasibətilə xalqımızı təbrik edib.
Baş nazirin birinci müavini bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 25 illiyinin qeyd olunduğunu, ötən dövrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini, beynəlxalq aləmdə qarşılıqlı etimadın artdığını, mədəniyyət, gənclər, idman və digər sahələrdə əməkdaşlığın genişləndiyini bildirib, ölkəmizin hərtərəfli sürətli inkişafından qürur duyduğunu qeyd edib.
Hidayət Orucov Kubatbek Boronovu Baş nazirin birinci müavini təyin olunması münasibətilə təbrik edib, ona bu məsul vəzifədə uğurlar arzulayıb, yeni vəzifədə əlaqələrimizin inkişafına bundan sonra da səy göstərəcəyinə əmin olduğunu bildirib. O deyib ki, Azərbaycan ilə Qırğızıstan arasında son illərdə bütün sahələrdə, xüsusilə humanitar sahədə əməkdaşlıq uğurla inkişaf edir. Həm Bişkekdə, həm də Bakıda çoxlu mühüm tədbirlər keçirilib.
Səfir ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın uğurla inkişaf etdiyini, lakin ticari-iqtisadi sahədə əlaqələrin daha da inkişafı üçün istifadə edilməyən böyük potensialın olduğunu vurğulayıb.
Görüşdə ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin bugünkü vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparılıb və Azərbaycan-Qırğızıstan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının sonuncu iclasının protokolunda əks olunmuş qərarların yerinə yetirilməsi, komissiyanın yeni iclasının keçirilməsi məsələləri müzakirə olunub, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek