REGİONLAR
Lənkəran və Cəlilabad Dövlət Peşə Təhsili mərkəzləri təcrübə mübadiləsi aparıblar
Lənkəran, 18 yanvar, Bağır Əliyev, AZƏRTAC
Peşə təhsili müəssisələri arasında təcrübə mübadilələrinin aparılması, birgə layihələrin hazırlanması, peşə təhsili müəssisələri arasında əməkdaşlıq ənənələrinin bərpa olunması məqsədilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin mühəndis və pedaqoji heyəti Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinə olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş çərçivəsində Peşə təhsili üzrə “Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı hər iki müəssisədə görülən işlər, istehsalat təlimi və təcrübələrin müasir əmək bazarının tələblərinə uyğun təşkili, işəgötürən təşkilatlarla əməkdaşlıq, innovativ tədris metodları, təhsilalanların motivasiyası, istehsalat təlim ustaları və müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi ilə bağlı hər iki müəssisənin əməkdaşları arasında diskussiyalar aparılıb.
Diskussiyalara Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov və ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov da qoşulub.
Sonra Lənkəran Dövlət Peşə Təhsili Mərkəzinin əməkdaşları Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində aparılan yenidənqurma işləri ilə tanış olub, mərkəzdə fəaliyyət göstərən istehsalat təlim bazalarında tələbələrlə görüşərək onların istehsal etdikləri məhsullarla tanış olublar.