SİYASƏT
Malayziya qəzeti Ermənistanın “humanitar yardım” manipulyasiyasından yazır
Pekin, 4 avqust, AZƏRTAC
Malayziyanın nüfuzlu “New Straits Times” qəzeti “Ermənistanın işğaldan sonrakı dövr reallığını qəbul etməsi Azərbaycan ilə daha yaxşı gələcək vəd edir” sərlövhəli məqalə yayımlayıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Malayziyadakı səfirliyinin diplomatı Elsevər Salmanovun müəllifi olduğu məqalədə Ermənistanın “humanitar yardım” manipulyasiyasının əsl mahiyyətindən bəhs olunur. Müəllif son 3 ilə yaxın müddət ərzində iki ölkə arasında sülh istiqamətində olan prosesdə Ermənistan və havadarlarının səmimiyyətsizliyindən söz açaraq, Ermənistanın sürətlə silahlanması, Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı şifahi bəyanatlarına baxmayaraq, Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycana məxsus regionda hələ də qanunsuz hərbi birləşmələrini saxlamaqda davam etməsi, danışıqlar prosesində hələ də başqa ölkələrin cəsarətləndirmələri ilə vaxt udmağa çalışması, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi faktları diqqətə çatdırır.
Yazıda bundan başqa, Ermənistan rəhbərliyinin “humanitar yardım” teatrı təşkil edərək, Azərbaycandan icazə almadan “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşısında 19 yük avtomobilini saxlamaqla Azərbaycanı bütün dünyaya “humanitar ehtiyaclarına mane olan mənfi dövlət” kimi təqdim etməyə çalışması, Azərbaycanda saxlamaqda davam etdiyi qanunsuz silahlı birləşmələr məsələsi, Zəngəzur dəhlizi öhdəliyi və mina problemini ört-basdır etməyi, eləcə də daxili siyasətdə müxalifətin təzyiqini azaltmağı planlaşdırması diqqətə çatdırılır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin