ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana Bakı Dövlət Universiteti ilə informasiya mübadiləsi aparacaq
Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Bakı Dövlət Universitetinin (BDU) elmi kitabxanası və jurnalistika fakültəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi MEK-in direktoru Leyla İmanova, BDU elmi kitabxanasının direktoru Sara İbrahimova və universitetin jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev imzalayıblar.
MEK-dən AZƏRTAC-a bildirilib ki, BDU-nun elmi kitabxanasında təşkil olunan tədbirdə universitetin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva kitabxanaların elmi və mədəni irsin toplanıb qorunmasındakı rolundan, informasiya mübadiləsinin zəruriliyindən və bu baxımdan elmi müəssisələr arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Memorandumun BDU üçün əhəmiyyətini xüsusi vurğulayan prorektor sənəddə informasiya mübadiləsinin reallaşması kimi məsələlərin nəzərdə tutulduğunu, bunun da müəssisələrin elmi vəsait bazalarının daha da zənginləşməsinə və gələcəkdə birgə layihələrin reallaşmasına zəmin yaradacağına əminliyini bildirib.
S.İbrahimova rəhbərlik etdiyi qurumun respublika ali məktəb kitabxanaları, eləcə də 21 ölkənin 49 universiteti və beynəlxalq nəşriyyatı ilə informasiya mübadiləsi apardığını deyib.
İki elmi müəssisə arasında əməkdaşlığın əhəmiyyətinə toxunan MEK-in direktoru L.İmanova informasiyanın əmtəəyə çevrilməsində, informasiya bazarının formalaşmasında, qlobal informasiya mühitinin yaranmasında elektron kitabxanaların rolundan danışıb. O, MEK-in elektron kataloqunun Azərbaycan milli irsinin öyrənilməsinə dair UNESCO işçi qrupunun hazırladığı ilkin reyestrlər üçün əsas kimi qəbul edilməsini BDU ilə əməkdaşlığın daha da gücləndirilməsinə zəmin yaratdığını bildirib.
V.Əliyev isə sənədin BDU-nun jurnalistika fakültəsinin maddi bazasının zənginləşməsinə və müəssisələr arasındakı elmi-təcrübə mübadiləsinin çoxçalarlı inkişafına, media imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb.