ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyi ilə Avstriya universiteti arasında memorandum imzalanacaq

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Avropa Komissiyasının “Horizon-2020” proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsinin rəhbəri və üzvləri AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) olublar.

Muzeydən AZƏRTAC-a bildiriblər ki, layihənin baş əlaqələndiricisi - Avstriya Karol və Frans adına Qrats Universitetinin Cənub-Şərqi Avropanın tarixi və antropologiyası kafedrasının müdiri, professor Karl Kazer, Bolqarıstanın Cənub-Qərb Universitetinin əməkdaşları, dosentlər Maryana Piskova və Anastasiya Paşova, layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Zaur Həsənov MATM-ın direktoru, akademik Nailə Vəlixanlı ilə görüşüblər.

Akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi muzeyin elmi fəaliyyəti, fondları haqında ətraflı məlumat verib.

Qonaqlar muzeyin Şərq zalı və orada gedən bərpa işləri ilə tanış olublar. Muzeyin zəngin fondları, kolleksiyası qonaqların marağına səbəb olub. Onlar bir neçə gün muzeyin Sənədli mənbələr və Neqativ fondunda araşdırma aparmaq istədiklərini bildiriblər. Tədqiqatın məqsədi muzeydə qorunan fotomaterial və digər sənədli materialların sistemli şəkildə daha peşəkar təhlil olunmasıdır.

Qeyd edək ki, Avstriya Karol və Frans adına Qrats Universiteti və Milli Azərbaycan Tarixi Muzeyi arasında memorandum imzalanacaq. Memorandumun əsas məqsədi beynəlxalq əlaqələrin inkişafı və elmi biliklərin mübadiləsindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.