REGİONLAR
Ölkə birinciliyində Naxçıvanı təmsil edən komanda qaliblər sırasında yer alıb
Naxçıvan, 10 noyabr, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində çağırışaqədər və çağırışyaşlı gənclər arasında keçirilən “Vətənin müdafiəsinə hazıram!” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında muxtar respublikanı təmsil edən gənclər komandası ikinci yerə layiq görülüb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin komandası birinci, Sumqayıt məktəbliləri isə üçüncü olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvandan gələn komandanın üzvlərindən Fərid Həsənəliyev 1000 metr məsafəyə qaçış növündə (2.37 saniyə), Sənan Əşrəfov isə qumbaraatmada (50 metr) ən yüksək nəticə göstərərək mükafatçılar sırasına düşüblər. İlk üçlükdəki komandalar, eləcə də hər növ üzrə ən yüksək nəticə göstərən idmançılar diplom və kuboklarla mükafatlandırılıblar.
Final mərhələsində ölkənin müxtəlif bölgələrindən 10 komanda olmaqla, ümumilikdə, 40 nəfər iştirak edib. Yarışa Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimovun rəhbərliyi ilə muxtar respublika zona mərhələsinin qalibi kimi Babək rayon komandası qatılıb.