İDMAN
Rafael Gevara: Bakı Veloparkı mükəmməlliyi ilə seçilir
Bakı, 8 iyun, AZƏRTAC
Bir idmançı kimi deyə bilərəm ki, Bakı Veloparkı çox mükəmməldir. Trek özünəməxsusluğu və mükəmməlliyi ilə seçilir. Bakıda BMX üzrə dünya çempionatının təşkilatçılıq səviyyəsi çox yüksəkdir.
Bunu Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının kolumbiyalı azarkeşi Rafael Gevara AZƏRTAC-a müsahibəsində deyib.
Bakını çox bəyəndiyini və ölkəmizə gəlməkdən məmnun olduğunu vurğulayan R.Gevara bildirib: “Velosiped idmanı ilə fəal məşğul oluram. Ötən il mən də yarışlara qatılmışdım. Bu il isə Azərbaycana BMX üzrə dünya çempionatına baxmaq üçün turist kimi gəlmişəm. Bakı gözəl şəhərdir. Buranın insanları çox qonaqpərvərdirlər. Azərbaycanda insanlar xoşbəxtdirlər. Bakının bir çox yerlərini gəzmək imkanım oldu. Şəhərin gözəlliyinə, tarixiliyinə heyran olmamaq mümkün deyil. Yarışdan sonra paytaxtınızı daha ətraflı gəzəcəyəm”.