SİYASƏT
“WSJ”: İrəvan Qarabağı Azərbaycan ərazisi kimi tanıyana qədər münaqişə bitməyəcək
Budapeşt, 2 may, AZƏRTAC
Amerikanın nüfuzlu “The Wall Street Journal” nəşrinin dərc etdiyi məqalədə qeyd olunur ki, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyana qədər Ermənistan ilə Azərbaycan arasında münaqişə bitməyəcək.
AZƏRTAC xəbər verir ki, məqalədə, həmçinin Azərbaycanın neft və qaz tədarük etdiyi Avropa ilə möhkəm iqtisadi əlaqələr saxladığı Bakının, eyni zamanda, Türkiyə və İsraillə də müdafiə sahəsində əməkdaşlığı möhkəmlətdiyi vurğulanır. Bu əlaqələr Azərbaycan hərbçilərinə öz gücünü qeyri-adi sürətlə artırmağa kömək edib. İkinci Qarabağ müharibəsində onların nümayiş etdirdikləri güc həm Moskvada, həm də Tehranda təcrübəli müşahidəçilərin çoxunu heyrətə gətirdi.
Müəllif qeyd edir ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Onun Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı daha çox narahat edir. İran İslam Respublikasının əhalisinin azı beşdəbir hissəsini təşkil edən və fars mənşəli olmayan iri etnik qruplardan biri olan cənubi azərbaycanlılar da İran rejimini qorxudur. Beləliklə, Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan qrupunu tarazlaşdırmaq məqsədi daşıyan üçtərəfli vektor üzrə fəaliyyət göstərir. Qəzet haqlı olaraq vurğulayır ki, bu vektora öz hərəkətləri ilə həqiqətən də Azərbaycanın deyil, Ermənistanın xeyrinə çalışan Fransa Prezidenti Emmanuel Makron dolayı yolla kömək edir.
Nəşr xatırladır ki, Fransada böyük erməni diasporu yaşayır. Onun təsiri və Makronun beynəlxalq arenada ekssentrik təşəbbüslərə meyilliyi sayəsində Parisin tutduğu mövqe bütövlükdə Rusiya və İranın Cənubi Qafqazda nüfuzunu gücləndirir və bu da bizi Blinkenin dəyişkən mövqelərinə geri qaytarır. Noyabrda o, (red. - Paris) özünü Şarl Mişelin rəhbərliyi altında Avropa vasitəçiliyinin iştirakçısı rolunda görürdü. Makron Şarl Mişelə təzyiq göstərib ki, o, Makronu danışıqlara dəvət etsin. Bu, Avropa vasitəçiliyinin “Bakının gözündə qeyri-legitim” olmasına gətirib çıxarıb.
Blinken indi etiraf edir ki, Amerika yolu Ermənistanı sülhə sövq etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formasını məhdudlaşdırmaq üçün həyat qabiliyyətli yeganə yoldur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt