Xarici diplomatlar Laçında Aqro və Sənaye Parkında görülən işlər barədə məlumatlandırılıb




Laçın, 24 iyun, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçında səfərdədir.
AZƏRTAC xəbər verir ki, şəhər ilə tanışlıqdan sonra diplomatlar bir sıra obyektlərə baş çəkiblər.
Laçın şəhərinə birdəfəlik qayıdan əhalinin məşğulluğunun artırılması üçün inşa olunan Aqro və Sənaye Parkı ziyarət edilib. Diplomatlara sənaye parkının imkanları, perspektivləri haqqında ətraflı məlumat verilib.
Hazırda Laçında həyata keçirilən davamlı reinteqrasiya çərçivəsində təkcə bu rayonun şəhər və kəndlərinin bərpası deyil, həm də bölgənin turizm və iqtisadi potensialından səmərəli istifadə prioritetdir.
Bildirilib ki, Aqro və Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Kompleks tezliklə nəinki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Laçında iqtisadi inkişafın təmin edilməsi və məşğulluğun artırılması məqsədilə Parkda 6 istiqamət - qida sektoru, sənaye, ekoistehsalat, yaradıcılıq və tekstil, tədris, turizm və xidmət üzrə 1200-ə yaxın yerinin yaradılması nəzərdə tutulub.
Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisənin yaradılması planlaşdırılır.
Bu kompleksdə yaradılacaq iş yerlərində 850 nəfər Laçın sakini işlə təmin olunacaq. Onlardan 226 nəfəri artıq işə cəlb edilib. İşçilərin əksəriyyəti Türkiyə və Azərbaycanın peşə məktəblərində təhsil alıblar.
Xatırladaq ki, səfərdə 33 ölkə, 10 təşkilatdan ümumilikdə 60 diplomat və hərbi attaşe iştirak edir.