® ABB Maliyyə Qrupunun tərkibinə keçdikdən sonra “Davr Bank”ın beynəlxalq reytinqləri yüksəldi
“Davr Bank”ın əsas nəzarət-səhm paketinin ABB-yə keçməsindən sonra bankın beynəlxalq reytinqləri yüksəlməyə başlayıb.
S&P beynəlxalq reytinq agentliyi “Davr Bank”ın uzunmüddətli kredit reytinqini B pilləsindən B+ pilləsinə yüksəldib. Bankın reytinq proqnozu isə “Stabil” olaraq müəyyənləşib. Agentliyin rəyində qeyd edilir ki, ehtiyac yaranarsa, “Davr Bank” kredit reytinqi daha yüksək olan ABB Maliyyə Qrupundan güclü dəstək ala bilər.
S&P ekspertlərinin fikrincə, “Davr Bank” növbəti bir ildə də əsasən pərakəndə bankçılığa, həmçinin kiçik və orta biznesin maliyyələşməsinə yönələcək. Bu seqmentlər onun əsas fəaliyyət istiqamətləri olaraq qalacaq və artımına şərait yaradacaq. “Davr Bank”, eyni zamanda, ABB Maliyyə Qrupunun tərkibinə keçməsindən sonra yaranmış yeni biznes imkanlarından da geniş faydalanacaq. Özbəkistanda Azərbaycan və Türkiyə kapitallı müştərilərə xidmət, eləcə də ABB-nin beynəlxalq pulköçürmə xidmətlərinə inteqrasiya da bu yeni imkanlara daxildir.
Bütün bunlar, bankın reytinqlərini “Stabil” səviyyədə proqnozlaşdırmağa əsas yaradır. “Davr Bank”ın möhkəm kapital buferləri və aktivlərinin keyfiyyəti də bu proqnozu dəstəkləyir. Agentliyin gözləntilərinə görə, “Davr Bank”ın likvidlik mövqeyi adekvat olaraq qalacaq və bank beynəlxalq maliyyə institutlarından maliyyələşməyə çıxışını qoruyacaq.
S&P beynəlxalq reytinq agentliyinin rəyində “Davr Bank”ın ABB Maliyyə Qrupunun ümumi aktivlərinin təxminən 10-12 faizini təşkil etdiyi, bu bankın əsas nəzarət-səhm paketini əldə etməyin ABB-nin yeni strateji dövrdə coğrafi genişlənmə hədəfinə uyğunluğu vurğulanıb.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.