CƏMİYYƏT
® Jurnalistlər üçün “COP29 və media” mövzusunda təlim keçirilib
“Bazarstore” marketlər şəbəkəsinin dəstəyi ilə “Dreamland White Hall”da jurnalistlər üçün “COP29 və media” mövzusunda təlim keçirilib.
“Azərsun” şirkətinin nümayəndəsi Rza Məmmədov çıxış edərək mətbuat nümayəndələrinin nəzərinə çatdırıb ki, iqlim dəyişiklikləri ilə əlaqədar keçirilən tədbirlərin işıqlandırılması üçün bəzi xüsusi biliklərə sahib olmaq lazımdır. COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin qlobal problemlərin həllində mühüm rol oynadığını göstərir. Bununla yanaşı, COP29 çərçivəsində keçirilən tədbirlər barəsində material hazırlamaq peşəkarlıq tələb edir. Buna görə məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Sonra media üzrə ekspert Emin Hüseynzadə COP-un əhəmiyyəti, atmosferə zərərli qazların tullantısının qarşısının alınması yollarından danışaraq problemlərin elmi əsaslarla həlli yolları haqqında məlumat verib.
Nəzərə çatdırılıb ki, Azərbaycan Paris razılaşmasına əsasən atmosferə atılan karbon qazının azaldılması üçün bir sıra tədbirlər və iqtisadi layihələr həyata keçirir. Azərbaycan dünya ölkələri arasında atmosferə çox az istixana qazları atan ölkələr sırasındadır. Buna baxmayaraq, ölkəmizdə yaşıl enerji istehsalının artırılması istiqamətində böyük işlər görülür, sərmayələr yatırılır. Azərbaycanın alternativ enerji istehsalı üçün kifayət qədər potensialı var və bu fakt ölkəmizin “sıfır emissiya”ya nail ola biləcəyini deməyə əsas verir. Media eksperti jurnalistlərin suallarını cavablandırıb.
Təlim müzakirələr və disput formasında davam etdirilib.