® “Qazax Sement Zavodu” MMC-nin nümayəndələri Vətən müharibəsi qazilərinə baş çəkiblər
Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi xalqımızın zəfəri ilə tamamlandı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəman əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu müdafiə sistemlərini darmadağın etdi və Azərbaycan xalqını öz doğma torpaqlarına qovuşdurdu.
Bizə bu Qələbəni canı, qanı bahasına qazandıran Vətən oğulları və onların ailələri hər zaman dövlətimizin diqqət mərkəzindədir.
Dekabrın 9-da “Qazax Sement Zavodu” MMC və Qazax Rayon İcra Hakimiyyətinin nümayəndələri ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş Qazax rayonundan olan 136 qazini ziyarət etdilər, onlara müəyyən sovqatlar verildi. Qazilər Vətən müharibəsi Qələbəmizlə başa çatdıqdan sonra dövlət tərəfindən bir sıra mühüm işlər görüldüyünü, qazilərə və şəhid ailələrinə qayğının hər zaman diqqət mərkəzində saxlandığını qeyd etdilər. Eyni zamanda, bu cür təşəbbüsə görə Qazax Sement Zavodunun rəhbərliyinə də öz təşəkkürlərini bildirdilər.