® Veysəloğlu Şirkətlər Qrupu şəhid olan əməkdaşların ailələrini himayəyə götürdü
Qarabağ uğrunda Vətən müharibəsi başlayandan Veysəloğlu Şirkətlər Qrupu dövlətimiz, xalqımız, ordumuz üçün bütün imkanlarını səfərbər edib.
Veysəloğlu Şirkətlər Qrupunun 637 əməkdaşı 2-ci Qarabağ müharibəsində iştirak edib. Onlardan 12 nəfər torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb.
Hərbi əməliyyatlar zamanı yaralanan 24 nəfər əməkdaşın isə tibb müəssisələrində müalicələri davam edir.
Şirkətlər Qrupu rəhbərliyinin qərarına əsasən, bütün şəhid olan əməkdaşların ailələri himayəyə götürülüb. Belə ki, rəsmi qərara görə, şəhid olan əməkdaşların orta əməkhaqqı bundan sonra onların valideynləri, həyat yoldaşları və övladlarına yönləndiriləcək.
Əgər şəhidin şirkətdə işləyərkən tutduğu vəzifə üzrə əməkhaqqında artım olarsa, müvafiq olaraq ailəyə verilən ümumi məbləğ də artırılacaq.
Hərbi çağırış dövründə valideyni, övladı və ya həyat yoldaşı şəhid olmuş əməkdaşlara isə 3000 manat həcmində birdəfəlik müavinət veriləcək.
Bundan əlavə, hərbi çağırışdan qayıtdıqdan sonra əməkdaş səhhəti ilə əlaqədar əvvəlki vəzifəsinə bərpa edilə bilməzsə, o zaman yeni vəzifəsindəki əməkhaqqı bütün hallarda əvvəlki orta aylıq əməkhaqqından aşağı olmayacaq.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir.