"Avropa Bilik Yarışması"nın qalibləri mükafatlandırılıb
Bakı, 2 mart, AZƏRTAC
Martın 2-də Bakıda Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı nümayəndəliyi və "Gənc Avropa səfirləri" şəbəkəsinin birgə təşkilatçılığı ilə "Avropa Bilik Yarışması" keçirilib.
AZƏRTAC xəbər verir ki, bu müsabiqə Avropa Bacarıqlar İli çərçivəsində "Doğru bacarıqlar qazan" şüarı altında təşkil edilən silsilə tədbirlərin bir hissəsidir.
Azərbaycanın müxtəlif bölgələrindən olan 14-26 yaş arasında gənc istedadları bir araya gətirən yarışın məqsədi Avropa İttifaqı və ona üzv dövlətlərə dair biliklərin, həmçinin dəyər və mədəniyyətlərin canlı ünsiyyət mühitində interaktiv şəkildə təşviq olunmasını dəstəkləmək, analitik bacarıqları inkişaf etdirmək, eyni zamanda, komanda işini gücləndirməkdir.
Müsabiqədə iştirakçıları salamlayan Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko bildirib ki, Avropa İttifaqı təhsil sahəsində müxtəlif proqramlar həyata keçirməklə, o cümlədən təhsil sərgiləri təşkil etməklə Azərbaycan gənclərinin öz potensiallarını tam şəkildə gerçəkləşdirmələrində onları dəstəkləmək yolunu seçib. Bu yarışma da bacarıqlarının əyləncə yolu ilə artırılması, həmçinin Azərbaycanın uzunmüddətli və strateji tərəfdaşı olan Avropa İttifaqı haqqında əlavə məlumatın əldə edilməsi baxımından nəzərəçarpan bir nümunədir.
"Avropa Bilik Yarışması" müsabiqəsinə Bakı, Gəncə, Xaçmaz, Lənkəran və Sumqayıtdan ümumilikdə, təxminən 300 nəfərin qatıldığı 72 komanda müraciət edib. 65 gəncin təmsil olunduğu 18 komanda yarışda iştirak hüququ qazanıb.
Tədbirdə Belçika, İsveç, Almaniya, Fransa, Rumıniya və Slovakiyanın Azərbaycanda fəaliyyət göstərən səfir və diplomatları da iştirak ediblər.
Birinci yeri müvafiq olaraq hər iki turda qalib gəlmiş "Sınaps", ikinci yeri "The rapture", üçüncü yeri isə "Jong Ajax" komandaları tutub.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko qaliblərə mükafatları təqdim edib.
Yarışın iştirakçıları sertifikatla təltif olunublar.