"Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik" mövzusunda treninqlər başlayıb
Bakı, 9 noyabr, AZƏRTAC
Azərbaycan Televiziyasının Teleradio Akademiyası və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisi "Özünümüdafiə jurnalistikası və böhran bölgələrində xəbərçilik" adlı treninqlərə başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Televiziyasının Teleradio Akademiyasından məlumat verilib. Bildirilib ki, vebinarın rəsmi hissəsində çıxış edən Türkiyənin Anadolu Agentliyinin baş direktorunun müavini və yayın direktoru Metin Mutanoğlu "jurnalistin həyatı onun yaydığı xəbərdən daha önəmlidir" deyib. O, təmsil etdiyi media qurumunun peşəkar əməkdaşlarının böhran bölgələrindən və müharibə zonalarından yaydıqları xəbərlərə də toxunub. Metin Mutanoğlunun sözlərinə görə, təəssüf ki, bəzən hadisəni işıqlandıran zaman həyatını itirən jurnalistlərimiz də olur. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri, filologiya üzrə elmlər doktoru Rövşən Məmmədov bu ilin sentyabr ayında Türkiyə-Azərbaycan Media Platformasının yaradıldığını xatırladaq bildirib ki, bu əməkdaşlığın əhəmiyyətini biz indi torpaqlarımızın azadlığı uğrunda aparılan mübarizədə daha aydın görürük. Azərbaycan mediası ilə yanaşı, türkiyəli həmkarlarımız da operativ xəbərlər yayır, təkcə döyüş bölgələrindən deyil, eyni zamanda, ermənilərin digər şəhər və kəndlərimizdə törətdikləri terror aktları barədə həm yerli, həm də beynəlxalq ictimaiyyətə dolğun məlumatlar çatdırırlar. "Biz fəaliyyətimizi genişləndirməli və birgə irimiqyaslı layihələrə imza atmalıyıq", -deyən Rövşən Məmmədov türkiyəli həmkarlarını Teleradio Akademiyası ilə əməkdaşlığa dəvət edib. O, 1956-cı ildə yaradılmış Azərbaycan Televiziyasının tərkibində fəaliyyət göstərən Teleradio Akademiyasının jurnalistikanın inkişafına verdiyi töhfələrə də toxunub.
TİKA-nın departament rəhbəri Uğur Tanyeli döyüş zamanı bir fotonun həmin döyüşün taleyini dəyişmək iqtidarında olduğunu qeyd edib. Həmçinin videoların, fotoların bəzən isə döyüşlərə verdiyi ziyandan danışıb.
Anadolu Agentliyi Xəbər Akademiyasının rəhbəri Cihangir İşbilir 100 yaşlı Anadolu Agentliyinin 13 dildə yayımlandığını və dünyanın bir çox məntəqələrində müxbir postları olduğunu qeyd edib. O, Teleradio Akademiyası ilə əməkdaşlığın gənc jurnalistlərə böyük dəstək olacağını bildirib.
Xatırladaq ki, noyabrın 9-dan 13-dək Anadolu Xəbər Akademiyası mütəxəssisləri Azərbaycanın 40-dan çox elektron və print mediasının əməkdaşına treninq keçəcək. Onlayn təlimlərdə riskli bölgələrdə xəbərçilik, yeni mənbələrin öyrənilməsi, xəbər yayma imkanları, jurnalistin təhlükəsizliyi, böhran bölgələrində xəbər dilinin istifadəsi, müharibə operatorunun təhlükə zonasında davranışı və digər mövzular müzakirə ediləcək, beynəlxalq təcrübə öyrəniləcək.