"Secure Tomorrow" hakatonuna qeydiyyat başlayıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi və SABAH qruplarının birgə təşkilatçılığı ilə keçiriləcək sayca ikinci “Secure Tomorrow" hakatonuna qeydiyyat başlayıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən AZƏRTAC-a bildirilib ki, hakatonda SABAH qruplarının bakalavr və magistr tələbələri komanda şəklində (hər komandada minimum 3, maksimum 5 nəfər olmaqla) iştirak edə bilər. Həmçinin bakalavr və magistr qruplarının bir komanda daxilində iştirakı mümkündür. Yalnız SABAH qruplarında oxuyan tələbələr və SABAH qruplarının mövcud olduğu universitetlərin qeyri-SABAH tələbələri hakatonda iştirak edə bilər.
Qeyd olunub ki, qeydiyyat yalnız komanda şəklində mümkündür və bir nəfər ancaq bir komandanın üzvü ola bilər.
Hakatonun keçirilməsində əsas məqsəd təhlükəli faylların təhlilində həm açıq mənbə, həm də özəl yazılmış texnologiyanı daha dayanıqlı, təhlükəsiz və səmərəli şəkildə birləşdirilməsini icra edəcək komandaların müəyyən edilməsidir. Hakatonun nəticələri gələcəkdə real MVP layihə üzərində işləmək imkanı yaradacaq. Layihə kibertəhlükəsizlik yanaşmasını formalaşdırmaq və ona uyğun tədbirlərin həyata keçirilməsinə yönəlib. Eyni zamanda, prosesin süni intellekt sistemləri ilə inteqrasiyası da nəzərdə tutulur.
Son qeydiyyat tarixi: 22 oktyabr 2025-ci il
Qeydiyyat üçün link: https://bit.ly/secure-tomorrow-hakaton