"Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib
Ağsu, 30 mart, AZƏRTAC
Ağsuda gənclər və idman idarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə ümumtəhsil tam orta məktəb komandaları arasında rayon birinciliyi keçirilib. Yarışlar yeniyetmələri Vətənin müdafiəsinə fiziki və mənəvi cəhətdən hazırlamaq, onlarda Vətənə məhəbbət hissi aşılamaq və zona mərhələsində rayonu təmsil edəcək komandanı müəyyənləşdirmək məqsədilə təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu şəhər P.Mirzəyev adına 5 saylı tam orta məktəbdə iki gün davam edən yarışlar turnikdə dartınma, qumbara atma, 100 və 2000 metr məsafələrə qaçış üzrə keçirilib. Yarışlarda 18 ümumtəhsil tam orta məktəb komandasından 90 məktəbli iştirak edib.
Maraqlı idman mübarizəsi şəraitində keçən birincilikdə ilk yerə N.Mirzəliyev adına Ağarx kənd tam orta məktəbin komandası layiq görülüb. II və III yerləri isə müvafiq olaraq P.Mirzəyev adına şəhər 5 saylı və S.Umbayev adına şəhər 2 saylı tam orta məktəblərin komandaları tutublar.
Qalib komandalara gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri təqdim olunub.