"Xəmsə yolu" layihəsi üzrə son tamaşa İmişlidə nümayiş olunub VİDEO
İmişli, 25 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Kürdəmir Rayon Mədəniyyət İdarəsində "Nizami Gəncəvi İli" çərçivəsində keçirilən tədbirlərə yekun vurulub. "Xəmsə yolu" layihəsi üzrə son tamaşa İmişlidə nümayiş olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İmişli rayon Mədəniyyət Mərkəzində “Xəmsə yolu” layihəsinin yekun tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri, idarə və müəssisə əməkdaşları iştirak ediblər.
Tədbirdən öncə əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Mədəniyyət Mərkəzində tədbir davam edib. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı çıxış edərək bildirib ki, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması haqqında Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamının və Mədəniyyət Nazirliyinin Tədbirlər Planından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələri tərəfindən cari ildə müxtəlif tədbirlər icra edilib. Kürdəmir Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Kürdəmir, Sabirabad, İsmayıllı, Şəki və Gəncə Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə keçirilən “Xəmsə yolu” layihəsinin iştirakçıları Sabirabad, Qəbələ, Şəki, Gəncə şəhərlərində maraqlı proqramla çıxış ediblər.
"Xəmsə yolu" Layihəsinin son tamaşası isə İmişli Mədəniyyət Mərkəzində nümayiş olunub. Nizami Gəncəvinin “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “İsgəndərnamə” əsərlərindən bəzi hissələr canlandırılıb.