"YAŞAT" Fondu şəhidin əkiz övladlarının xərclərini qarşılayıb
Bakı, 29 sentyabr, AZƏRTAC
Bu il sentyabrın 19-20-də Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan qəhrəmanımız Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu məqsədlə 2 min AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 min AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.
"Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau, həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.