ABBASOV QARDAŞLARI KİYEV İCTİMAİYYƏTİNƏ YAXŞI TANIŞDIR
Şirkət Kiyev vilayətinin Brovarı rayonunun Tarasovka kəndində Azərbaycan vətəndaşları Abbasov qardaşları - İlqar, İlham və Azər, habelə Alışan Hüseynov tərəfindən yaradılmışdır. Kolbasa məmulatı istehsal edən kiçik bir sexin bazasında dondurulmuş yarımfabrikatlar istehsalı üzrə güclü müasir bir müəssisə meydana gəlmişdir. Hazırda “Polissya” şirkətində 1200 nəfər işləyir. İki il ərzində Ukraynada yarımfabrikatlar bazarında şirkətin payı 12 faizə çatmışdır. Hazırda burada 120 adda məhsul buraxılır.
Qazandığı nailiyyətlərə, istehsal etdiyi təmiz və keyfiyyətli qida məhsullarına görə şirkət “World Foodks Ukraine 2006” yüksək nümunə medallarına, diplomlara və “Vişşa proba” heykəlciyinə layiq görülmüşdür. Bu il “Polissya” ölkənin ən yaxşı firmaları sırasında “Ukraynanın ən yaxşı müəssisəsi” fəxri adı almışdır. Müəssisəyə “Avropa keyfiyyəti” fəxri nişanı da verilmişdir.
Təntənəli mərasimdə Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyev şirkətin Kiyev iqtisadiyyatına böyük töhfə verdiyini, Abbasov qardaşlarının genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti ilə məşğul olduqlarını vurğulamış və İlqar Abbasova Azərbaycan diplomatik nümayəndəliyinin Fəxri fərmanını təqdim etmişdir.
Kiyev vilayəti Brovarı rayonu dövlət administrasiyasının başçısı Nikolay Didenko xüsusi vurğulamışdır ki, şirkət Qoqolevo kəndində Poplavsk ailəvi tipli uşaq evinin və Şevçenkovo kəndinin “Kolos” məktəb futbol komandasının sponsorudur. Şirkət rayonun məktəbəqədər və təhsil müəssisələrinə, əlillərə və ahıllara sponsor dəstəyi də göstərir.
Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov da həmvətənlərimizi səmimi sözlərlə salamlamışdır. Sonra Azərbaycan və Ukrayna artistlərinin iştirakı ilə bayram konserti olmuşdur.