ABŞ AZƏRBAYCANDA ”NARINCI İNQİLAB” GÖZLƏMİRVƏ PARLAMENT SEÇKİLƏRİNİN ƏDALƏTLİ, ŞƏFFAF KEÇİRİLƏCƏYİNƏ İNANIR
Müəllif yazır ki, Xəzər sahilində neftlə zəngin Azərbaycan Respublikasında parlament seçkiləri noyabr ayının 6-na təyin olunmuşdur. Bunda Ceyms Bond haqqında filmdəki bütün atributlar var. Xəzər neftinə nəzarət uğrunda mübarizəyə həsr edilmiş bu film, əslində, elə Bakıda, 1999-cu ildə çəkilmişdir. Amma, deyəsən, indi həyat incəsənəti təqlid etməlidir. Bu gün Azərbaycandakı intriqa hakimiyyət mübarizəsini, ABŞ, Rusiya və İran kimi geosiyasi nəhənglər arasındakı toqquşmanı, Ermənistanla münaqişəni və qaçqınlar problemini əhatə edir. Üstəgəl korrupsiya, neft-qaz... Bu, triller filmi üçün əla süjetdir.
Məqalədə bildirilir ki, son günlərin hələ davam edən qalmaqalı nəticəsində sabiq səhiyyə naziri, korrupsiyaya uğramış Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, ən böyük özəl yanacaq şirkətinin sahibi Rafiq Əliyev (Prezident İlham Əliyevlə heç bir qohumluğu yoxdur), yaxın günlərdə Ukraynada həbs olunan, sonra İngiltərəyə qayıdan, dövlət mülkiyyətini mənimsəmə və qiyama çağırış ittihamları ilə beynəlxalq axtarışda olan müxalifət lideri Rəsul Quliyevi maliyyələşdirməkdə ittiham olunaraq həbs edilmişlər.
Prezident Aparatının əməkdaşı da işdən azad edilib və həbs olunubdur. Bu addımlar Prezident Əliyevin korrupsiya ilə qəti mübarizə mövqeyini göstərir və onu məşhurlaşdırır.
ABŞ neftlə zəngin olan Azərbaycanı qırğı kimi izləyir. Buş Administrasiyası “Azərbaycandakı seçkilərin ədalətli olacağını” gözləyir. Milli Təhlükəsizlik müşaviri Stiven Hedli keçən həftə Moskvada demişdir: “Azərbaycan başa düşməlidir ki, azad və ədalətli seçkilər ölkədə demokratik inkişafı” daha da sürətləndirər.
Ancaq Rusiya, Çin və İranın hərisliklə baxdığı, strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bu regiondakı indiki vəziyyət Buş Administrasiyası üçün ciddi sınaqdır. Azərbaycanda 6 noyabr seçkiləri ABŞ-ın demokratiyaya yardım siyasətini sınağa çəkir. Vaşinqton özünün real milli maraqları ilə dünyanı azad və demokratik görmək arzusunu qovuşdurmağa çalışır.
Azərbaycanda Amerikanın maraqları Xəzər dənizində neft hasilatı, Qazaxıstan neftini BTC kəmərinə qoşmaq, Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsini həll etmək və güman ki, gələcəkdə İranla mümkün münaqişə üçün burada qoşun və hərbi baza yerləşdirməkdir.
Dövlət katibi Kondoliza Raysa yaxınlığı ilə seçilən, onun Avropa və Asiya məsələləri üzrə müavini Deniel Frid bu yaxınlarda Bakıda olarkən demişdir ki, ABŞ inqilab ixrac etmir. “İnqilab uğursuzluq deməkdir”. Amma bu, azadlıq, islahatlar və demokratiyanın müdafiəsi deməkdirsə, ABŞ bu “narıncı inqilabı” müdafiə edir.
Bu qiymət İndianadan olan senator Riçard Luqarın belə bir fikrini tamamlayır ki, Azərbaycanda “narıncı inqilab” gözlənilmir.
Məqalədə daha sonra deyilir ki, seçkilərin nəticələri onların şəffaflığına və nə qədər müdaxiləsiz keçirildiyinə əsasən qiymətləndiriləcəkdir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi ölkədə 1000 exit-pol məntəqəsinin işini maliyyələşdirir. Bu, cənab Əliyevin xeyrinədir, çünki ekspertlər deyirlər ki, seçkilərin saxtalaşdırılması Gürcüstanda və Ukraynada olduğu kimi, kütləvi etirazlara səbəb olacaqdır.
ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş nikbindir. O demişdir ki, Azərbaycan demokratik yolla gedir və onu Özbəkistanla müqayisə etmək olmaz. Türkiyənin “Zaman” qəzetinin yazdığına görə, cənab Harniş, Xəzərin mühafizə edilməsi layihəsindən danışarkən deyib ki, ABŞ Azərbaycan və Qazaxıstanla əməkdaşlıq edəcəkdir.
Adının məxfi qalmasını istəyən, ABŞ hərbçilərinə yaxın olan iki ekspert Özbəkistanın Xanabad hava bazasının əldən çıxması ilə bağlı təəssüflə demişdir ki, bu, Rusiya, İran və Çini yanlış fikirlərə sala bilər. Elə görünə bilər ki, ABŞ demokratiyanın mücərrəd ideallarını geosiyasi və strateji maraqlardan üstün tutur. Mütəxəssislər deyirlər ki, Gürcüstanda və Ukraynadakı hadisələr ehtiyatlı olmağı tələb edir.
Karnegi Fondunun Moskva Mərkəzinin Qafqaz məsələləri üzrə eksperti Aleksey Malaçenko deyir ki, Prezident Əliyevin və onun partiyasının reytinqi (müvafiq surətdə 65 və 40 faiz) “Azadlıq” koalisiyasına daxil olan müxalifət liderlərinin (10-15 faiz) hamısının birlikdə reytinqindən (10-15 faiz) daha yüksəkdir.
ABŞ azad, ədalətli və şəffaf seçkilər keçirməyə çağırır, çünki bütün təsisatları ilə birlikdə Buş Administrasiyası hesab edir ki, belə seçkilər Azərbaycanı daha güclü və sabit bir ölkəyə çevirəcəkdir. Vaşinqton inanır ki, kim seçkilərdə ədalətlə kimə qalib gəlirsə-gəlsin, - çox güman ki, Prezident Əliyevin partiyası, – Azərbaycan Amerikanın dostu olaraq qalacaqdır.