ABŞ-DA ÇOVĞUN, AVROPADA QAR VƏ DAŞQINLAR PROBLEMLƏR YARADIR
Cənubi Dakota, Nebraska və Kanzas ştatlarında hava şəraitinin səbəb olduğu avtomobil qəzalarında dörd adam ölmüşdür. Bu ştatlarda küləyin sürəti saatda 100 kilometrdən çoxdur. Cənubi Dakotada hökumət idarələri və məktəblər bağlanmışdır. Fırtınalar artıq tornadoya səbəb olmuşdur. Bazar günü Arkanzasda 8, Kanzasda 30 evi tornado yerlə-yeksən etmişdir. Oklahoma ştatından yüzlərlə ailə təhlükəsiz yerlərə köçürülmüşdür.
Avropada güclü qar yağmaqla yanaşı, daşqınlar da baş alıb gedir, bəzi ölkələrdə bunların hər ikisi baş verir.
Almaniyada qışın gəlişi az qala fəlakətlə nəticələnəcəkdi. Hər yeri qar basmış, yollarda qalan maşınların sayı-hesabı yoxdur, elektrik xətləri qırılmış, nəticədə minlərlə ev işıqsız qalmışdır. Qəza briqadaları, bundesverin əsgərləri, könüllü köməkçilər artıq neçə gündür işləyirlər. Havaların qarlı, çovğunlu keçməsindən azı 250 min adam zərər çəkmişdir. Təkcə istirahət günlərində yollarda iki mindən çox qəza baş vermiş, 150-dək adam xəsarət almışdır.
İtaliyada daşqınlar böyük zərər vurur. Tibr çayı məcrasından çıxaraq ətrafı basmışdır. Piza rayonunda selin bəndləri dağıtmaq təhlükəsi var. Xilasedicilər Romanın Fyumiçino beynəlxalq hava limanı rayonundan 300-dək adamı köçürməli olmuşlar. İtaliya Mülki Müdafiə Xidmətinin rəhbəri Quido Bertolazo bildirmişdir ki, son 50 ildə paytaxtda belə hadisələr baş verməmişdir. Bazar günü Pizada da 300-dək adamı köçürmək lazım gəlmişdir. Orada qədim Fosso dey Molini kanalında suyun rekord səviyyədə qalxması ilə əlaqədar bəndlərin yarılması və yaşayış evlərini su basması təhlükəsi yaranmışdır.
İspaniyada 6 dərəcə şaxta, demək olar, fövqəladə haldır. Ölkənin cənubunda bir çox yaşayış məntəqələri işıqsız qalmışdır. Yeddi dağ aşırımında avtomobil hərəkəti dayandırılmışdır. Yollar buz bağlamışdır.
Niderlandda güclü qar yağdığından yollarda təxminən 1000 kilometr uzunluğunda avtomobil tıxacları əmələ gəlmişdir ki, bu da mütləq milli rekord sayılır.
Avstriyada hakimiyyət orqanları qar uçqunları gözlənildiyi barədə xəbərdarlıq edir, əhalini ehtiyatlı olmağa çağırır.