ABŞ-ın “Jewish Journal” qəzetində 20 Yanvar faciəsindən bəhs edən məqalə dərc edilib
Bakı, 22 yanvar, AZƏRTAC
ABŞ-da çıxan “Jewish journal” qəzetində Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayevin 20 Yanvar faciəsi ilə bağlı məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqının başına gətirilən dəhşətli hadisələrdən bəhs edilir. Qeyd olunur ki, yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun böyük kontingenti Azərbaycanın milli azadlıq hərəkatının qarşısını almaq üçün paytaxt Bakıya yeridildi. Yüzlərlə sülhməramlı nümayişçi qətlə yetirildi. Biz həmin gün canlarını qurban verən müsəlmanların və xristianların xatirələrini dərin ehtiramla anırıq və heç zaman həmin günləri unutmayacağıq.
Məqalədə 20 Yanvar hadisələrində 16 yaşlı gənc yəhudi Vera Bessantinanın, Yan Meyeroviçin, Aleksandr Markhevkanın həlak olmasından da bəhs edilir. Müəllif Bakı və Qubadakı sinaqoqlarda bu həftənin hər günündə xüsusi xidmətin fəaliyyət göstərdiyini, dağ yəhudilərinin faciə qurbanlarını yad etdiklərini vurğulayır.
Yazıda Qanlı Yanvarın SSRİ-nin sonu üçün bir başlanğıc olduğu və bu hadisələrin müstəqil Azərbaycan Respublikasının yaradılması üçün ölkədə milli azadlıq hərəkatı, digər siyasi proseslərin inkişafına səbəb olduğu oxucuların diqqətinə çatdırılır.