ABŞ-ın Kanzas ştatında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib
Kanzas, 27 fevral, AZƏRTAC
ABŞ-ın Kanzas ştatının paytaxtı Topika şəhərində Azərbaycanın Dostları Assambleyasının (AFAZ) təşkilatçılığı ilə Xocalı qətliamının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Kanzasın qanunverici orqanının 10-dan çox üzvü, yerli ictimaiyyətin, Azərbaycan və türk icmalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan icmasının nümayəndəsi çıxış edərək Xocalı qətliamı haqqında iştirakçılara qısa məlumat verib, o gün baş vermiş dəhşətli hadisələrin erməni vandalizminin və əsrlər boyu Azərbaycan xalqına qarşı törədilən soyqırımı siyasətinin nəticəsi olduğunu bildirib. Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinin, habelə qonşulara qarşı ərazi iddialarının Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün ən böyük təhdid olduğunu bildirən icma nümayəndəsi Azərbaycan diasporunun ildən-ilə təşkilatlanaraq ermənilərin yalan-şər dolu təbliğatının qarşısının alınmasında mühüm işlər görməsindən söz açıb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşı Samir Becanov
Xocalı qətliamının ölkəmizin tarixində ən faciəvi səhifələrdən biri olduğunu bildirib. Diplomat faciənin tarixçəsi və Xocalının Azərbaycan xalqı üçün tarixi və mənəvi dəyəri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı tətbiq edilən qəddarlığın beynəlxalq humanitar hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil etdiyi və təqsirkarların ədalət mühakiməsi qarşısına çıxarılmasının zəruri olduğu bildirilib. Bununla yanaşı, Xocalı hadisələrinə dair bir sıra nəşrlərdə, o cümlədən xarici kütləvi informasiya vasitələrində və insan hüquqları üzrə beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarında əks olunmuş faktlar, habelə faciə şahidlərinin müsahibələrindən çıxarışlar mərasim iştirakçılarının diqqətinə çatdırılıb. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayan diplomat son illər faciənin ABŞ-da bir sıra ştatlar, habelə Çexiya, Pakistan, Meksika, Türkiyə, Bosniya və Herseqovina, Honduras və digər dövlətlər tərəfindən tanındığını və bu istiqamətdə fəaliyyətlərin davam etdiriləcəyini, eləcə də bu qətliamın qurbanlarının xatirəsinin Azərbaycan xalqı tərəfindən daim uca tutulacağını bildirib.
Tədbirin sonunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində hazırlanmış materiallar iştirakçılara paylanıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Kanzas