ABŞ-ın “The Hill” qəzeti Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki önəmindən yazır
Vaşinqton, 24 aprel, AZƏRTAC
ABŞ-ın “The Hill” qəzetində dərc olunmuş məqalədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm roldan bəhs edilir. Siyasi icmalçı Raul Kontrerasın müəllifi olduğu məqalədə ABŞ-ın ölkə daxilində enerji resurslarının istismarı ilə əlaqədar mövcud hüquqi-iqtisadi vəziyyət təhlil edilir, bu ölkənin avropalı müttəfiqləri ilə birgə enerji təhlükəsizliyinin aktual çağırışlarına nəzər salınır.
R.Kontreras bu ilin mart ayında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin iştirakı ilə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsinin təməlinin qoyulmasını mühüm tarixi hadisə kimi qeyd edir. İşə düşəndən sonra TANAP-ın Türkiyə və Avropa ölkələrinin enerji istehlakına verəcəyi töhfələrdən bəhs edən müəllif bu layihə ilə həmin ölkələrin enerji asılılığının azalacağını vurğulayır.
Müəllif Azərbaycanı dünyanın ən tolerant müsəlman ölkəsi və ABŞ-ın dostu adlandıraraq, respublikamızın neft və qaz istehsalı sahəsində önəmini qeyd edir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Kontreras yazır ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton