ABŞ-ın üçüncü ən böyük şəhərində Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilmişdir. Tədbirdə insan hüquqları sahəsində tanınmış hüquqşünaslar, tələbələr, Azərbaycan və yəhudi icmasının üzvləri iştirak etmişlər.
Tədbirin təşkilatçısı - Loyola Universitetinin hüquq elmləri üzrə magistri Mehriban Məmmədova iştirakçılara Ermənistan-Azərbaycan münaqişəsi və bu münaqişə kontekstində insanlıq əleyhinə törədilmiş ən dəhşətli cinayət - Xocalı soyqırımı barəsində geniş məlumat vermişdir. Natiq hazırda “Xocalıya ədalət” kampaniyası çərçivəsində erməni yalanlarının ifşa edildiyini və 26 fevral hadisələrinə doğru hüquqi qiymətin verilməsi istiqamətində işlərin aparıldığını bildirmişdir.
Avropa və Latın Amerikası ölkələri ilə yanaşı, ABŞ-da da yerli qanunvericilik orqanları səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu xüsusda son iki ayda Nyu Meksiko və Arkanzas ştatlarında bu barədə qətnamələrin qəbul olunduğunu diqqətə çatdırmışdır.
Amerikalı hüquqşünas Judith Montalvo təqdimatla çıxış edərək, faktlar əsasında erməni vəhşiliklərinin hüquqi baxımdan “soyqırımı” anlayışına uyğunluğunu bildirmişdir. Tədbirin sonunda fleytada ifa olunan həzin musiqi fonunda Xocalı faciəsi qurbanlarının məruz qaldığı amansız işgəncələri, eləcə də əcnəbi jurnalistlərin faciə ilə bağlı məqalələrinin əks olunduğu fotosərgi nümayiş etdirilmişdir.