ABŞ İSRAİLİ SƏRHƏDLƏRİNİ BİRTƏRƏFLİ QAYDADA MÜƏYYƏN ETMƏMƏYƏ ÇAĞIRMIŞDIR
ABŞ diplomatiyasının başçısı demişdir ki, Fələstin-İsrail münaqişəsinin qəti həlli zamanı 1967-ci ildən sonra yaranmış yeni reallıqlarla razılaşmaq lazımdır. Bununla belə, heç kim heç bir şəraitdə ilkin qərarlar verməməlidir, çünki bu məsələlər qəti status haqqında danışıqlar zamanı müzakirə olunmalıdır.
İsrailin Baş naziri vəzifəsinin icraçısı Exud Olmert bildirmişdir ki, israillilər yəhudi məskənlərinin bir hissəsini köçürməli olacaqlar. Onun sözlərinə görə, məskənlərin böyük hissəsi, o cümlədən İordan vadisi və Qüds israillilərin nəzarəti altında qalmalıdır.
Sipi Livni sərhəd problemindən danışmamışdır. O, fələstinlilərin İsrail ərazisindən keçirdikləri mallara görə İsrailin əlavə dəyər vergisi kimi aldığı məbləgin, - ayda 40-50 milyon dollar, - Fələstin milli hökumətinə verilməsi məsələsinə toxunmuşdur. İsrail naziri xatırlatmışdır ki, bu ödənişlər İsraillə Fələstin milli hökuməti arasında bağlanmış razılaşma əsasında həyata keçirilir. Lakin seçkilərdə “Həmas” radikalları qalib gəldikdən sonra İsraildən sazişə əməl olunmasını tələb etmək olmaz. Belə ki, “Həmas” İsrailin ümumiyyətlə mövcudluğunu inkar edir.