Abşeron Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib
Xırdalan, 27 fevral, AZƏRTAC
Xocalı soyqırımının 23-cü ildönümü respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə fevralın 26-da Xırdalan şəhər mədəniyyət evində keçirilən Xocalı soyqırımına həsr olunmuş anma mərasimində rayon rəhbərliyi, idarə və təşkilatların, həmçinin ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra rayon gənclərinin çəkdiyi Xocalı həqiqətlərini əks etdirən videofilm nümayiş etdirilib.
Mərasimdə Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin özfəaliyyət kollektivlərinin hazırladığı “Xocalı harayı” adlı bədii kompozisiya təqdim olunub.
Elə həmin gün Abşeron Rayon İcra Hakimiyyətində Xocalıdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşdə məcburi köçkün ailələrinə maddi yardım göstərilib.
Qeyd edək ki, hazırda Abşeron rayonunda Xocalıdan olan 114 məcburi köçkün ailəsi məskunlaşıb.