Abşeronda növbəti dəfə şəhid övladları sevindirildi
Xırdalan, 30 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Ölkəmizin bütün ərazisində olduğu kimi, Abşeron rayonunda yaşayan şəhid ailələrinə də yüksək diqqət və qayğı göstərilir, onların övladlarına fərdi yanaşılaraq istək və arzuları dinlənilir. Bununla bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən “Hərəyə bir şəhid övladı sevindirək!” layihəsinə bu dəfə rayon ərazisində fəaliyyət göstərən “SİRAB” şirkəti qoşulub.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində şəhid kəşfiyyatçı, mayor Azər Mikayılovun həyat yoldaşı Təhminə Mikayılova ilə əlaqə saxlanılıb, övladlarının istəkləri öyrənilib. Qəhrəmanımızın qızının seqvey, oğlunun isə velosiped arzuladığı müəyyən olunub. Uşaqların arzusunu nəzərə alan “SİRAB” şirkətinin kollektivi seqvey və velosiped alaraq ailəyə təqdim edib. Beləliklə də şəhid övladlarının istəyi yerinə yetirilib.
Şəhidin ailəsi göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Bu layihə ilə uşaqların sevindiyini qeyd edərək həyata keçirilən müsbət əməlin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, 1980-ci ildə Kəlbəcər rayonunda anadan olan Azər Əmrah oğlu Mikayılov 17 il Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı, qərargah rəisi, hərbi hissə komandiri kimi xidmət edib. 1997-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi Məktəbinə verib. 1998-2002-ci ildə Ali Hərbi Məktəbdə təhsil alıb. 2002-2003-cü illərdə təhsilini Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində davam etdirib, leytenant hərbi rütbəsinə layiq görülüb. Daha sonra Naxçıvan Muxtar Respublikasına xidmətə göndərilib.
Azər Mikayılov hərb fəaliyyətinə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun daxilində motoatıcı hərbi hissənin tağım komandiri kimi başlayıb. Qısa müddətdən sonra hərbi hissənin kəşfiyyat bölüyünə tağım komandiri təyin olunub. Kəşfiyyatçı kimi formalaşıb və kəşfiyyat bölüyünün komandiri olub. Daha sonra hərbi hissənin kəşfiyyat rəisi, xüsusi təyinatlı taborun qərargah rəisinin əməliyyat üzrə baş köməkçisi, tabor komandirinin müavini və tabor komandiri vəzifələrinə qədər yüksəlib. Bu dövrdə Naxçıvanın müdafiəsində böyük xidmətləri olub, onun rəhbərliyi ilə bir neçə erməni postu ələ keçirilib. Həmin postlardan biri Azər Mikayılovun adını daşıyır.
Qəhrəmanımız 2016-cı ildə Aprel döyüşlərinə qatılıb. Lələtəpə yüksəkliyinin azad olunmasında fəal iştirak edib. O, Vətən müharibəsindən bir neçə ay əvvəl N saylı xüsusi təyinatlı hərbi hissənin qərargah rəisi və hərbi hissə komandiri olub.
Vətən müharibəsi başlayanda Azər Mikayılov ön cəbhədə düşmənlə döyüşlərdə mərdlik və şücaət göstərib. Tabeliyində olan şəxsi heyətlə - Xüsusi Təyinatlı Kəşfiyyat taboru ilə birgə Füzuli, Cəbrayıl, Hadrut istiqamətində ən ağır əməliyyatlara qatılıb, döyüşlərə birbaşa rəhbərlik edib, böyük qəhrəmanlıq nümunəsi göstərib. Onun rəhbərlik etdiyi hərbi qüvvələr böyük ərazilərin, çoxlu sayda yaşayış məntəqəsinin azad olunmasında xüsusi rəşadət göstərib, yüzlərlə erməni faşistini məhv edib, düşmənə ağır zərbələr endiriblər.
Azər Mikayılov oktyabrın 8-də Füzuli-Cəbrayıl istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qəhrəman zabit hərbi xidməti dövründə dəfələrlə yüksək orden və medallarla - “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalları ilə təltif edilib. Prezident İlham Əliyevin Sərəncamı ilə Azər Mikayılov ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.