Abşeronda şəhid və qazi olmuş hərbçilərin ailə üzvləri üçün ödənişsiz kurslar təşkil olunur
Xırdalan, 17 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və Rayon Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid və qazi olmuş hərbçilərin ailə üzvləri üçün ödənişsiz kompüter kursları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində xüsusi karantin rejiminin tələblərinə uyğun keçiriləcək layihənin məqsədi rayonda yaşayan şəhid və qazi ailələrinin üzvlərinə informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsinə və məşğulluğunun artırılmasına nail olmaqdır. Layihədən 20-yə qədər şəxs yararlana biləcək. Dərslər texniki avadanlıqlarla tam təmin edilməklə həftədə 2 dəfə olmaqla 3 ay müddətində nəzərdə tutulub.
Kurslarda kompüterin hissələri (Hardware) haqqında ətraflı məlumat veriləcək, kompüterlərə texniki xidmətin göstərilməsi, proqram təminatı (Software) və magistraturaya hazırlıq həyata keçiriləcək. Praktiki iş zamanı dinləyicilərdə kompüterlərin yığılması və təmiri üzrə peşəkar vərdişlər formalaşacaq.
Kursun sonunda məzunlara sertifikatlar təqdim ediləcək.