“ADA” Universitetində magistrant olmaq istəyənlər üçün “açıq qapı” günü təşkil edilib
Bakı, 7 mart, AZƏRTAC
Martın 7-də “ADA” Universiteti magistratura təhsili ilə maraqlananlar üçün “açıq qapı” günü təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirə magistratura imtahanının birinci mərhələsindən uğurla keçən abituriyentlər qatılıblar.
“ADA” Universitetinin akademik işlər üzrə prorektoru Vəfa Kazdal iştirakçılara bu ali məktəb, akademik proqramlar, pedaqoji heyət, tələbə həyatı, təcrübə imkanları və Karyera İdarəetmə Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib, qəbul şərtlərini izah edib.
Vurğulanıb ki, 2018-2019-cu tədris ilində “ADA” Universiteti diplomatiya və beynəlxalq münasibətlər, dövlət idarəetməsi, biznesin idarə edilməsi (MBA), təhsil üzrə menecment ixtisasları üzrə ikiillik magistr proqramlarını təklif edir. Tədris ingilis dilində aparılır. Dərslər həftədə üç dəfə axşam saatlarında keçirilir. Universitetdə təhsilin ödənişli olmasına baxmayaraq, magistrantlar təhsil aldıqları müddətdə müxtəlif maliyyə dəstəyindən və təqaüd proqramlarından faydalana bilərlər. Sənədlərin qəbulu Azərbaycan vətəndaşları üçün aprelin 5-dək aparılacaq.
“ADA” Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun dekanı Elnur Soltanov və Biznes İnstitutunun dekanı Elkin Nurməmmədov, Karyera İdarəetmə Mərkəzinin rəhbəri Gülnur İsmayıl, tələbə qəbulu şöbəsinin əməkdaşı Aytəkin Hüseynova çıxış edərək təcrübələrini bölüşüb, gənclərə tövsiyələrini veriblər. Diqqətə çatdırılıb ki, getdikcə böyük nüfuz qazanan “ADA” Universitetində tələbələrə təhsillərini dünyanın nüfuzlu ali məktəblərində davam etdirmək imkanı yaradılır. Bu ali məktəbin magistratura pilləsində təhsillərini başa vuranların məşğulluq statistikası 90 faizə çatır.
Bildirilib ki, “ADA” Universiteti müasir təhsil standartlarını əsas tutaraq qabaqcıl dünya təcrübəsini tətbiq edir, innovativ və qlobal dünyagörüşünə malik kadrlar hazırlayır. Yarandığı ilk gündən keyfiyyətli müəllimlərin cəlb edilməsini qarşısına məqsəd qoyan “ADA” Universitetində xaricdə magistr və elmlər doktoru adını qazanan gənc alimlər fəaliyyət göstərirlər.
Sonda “ADA” Universitetinin magistrantı olmaq istəyənlərin sualları cavablandırılıb.