ADAU-nun maliyyə ixtisasının ilk məzunları 10 ildən sonra doğma universitetlərində olublar
Gəncə, 7 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində “maliyyə” ixtisasının ilk məzunları (2009-2013-cü illər) ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov ADAU-nun öz məzunları ilə mütəmadi görüşlər keçirdiyini, onların karyera inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Diqqətə çatdırıb ki, universitetin maliyyə ixtisası məzunları tələbələrlə görüşməli, öz təcrübələrindən istifadə edərək fənn proqramlarının təkmilləşdirilməsində iştirak etməlidirlər.
Vurğulanıb ki, məzunların 80 faizi ixtisası üzrə gömrük, vergi, bank, sığorta və digər sahələrdə fəaliyyət göstərirlər.
Çıxış edən Maliyyə və iqtisadi nəzəriyyə kafedrasının müdiri Məhərrəm Hüseynov, Ege Universitetinin alimləri və tələbələr bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs ediblər.
Məzunlar çıxışlarında iş və təhsil təcrübələrindən danışaraq, tələbələrə öz ixtisaslarını daha dərindən öyrənmək üçün tövsiyələr veriblər.