ADİU və MDU alimlərinin birgə “İdarəetmə təhlili” dərsliyi işıq üzü görüb
Mingəçevir, 11 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının professoru, iqtisad elmləri doktoru Fazil Hacıyevin və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Nüşabə Qədimlinin “İdarəetmə təhlili” adlı dərsliyi nəşr olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İdarəetmə təhlili” Azərbaycan Respublikası Təhsil Nazirinin əmri ilə dərslik kimi təsdiq edilib. Dərslik 2 bölmə, 10 fəsil, əlavələrdən ibarətdir və ədəbiyyatlardan istifadə olunub.
Dərsliyin birinci fəslində iqtisadi təhlilin nəzəri əsasları, iqtisadi təhlilin mahiyyəti, predmeti, üsulu və növlərindən bəhs edilib. İkinci və daha sonrakı fəsillərində təhlilinin nəzəri əsasları sənayedə, marketinq fəaliyyəti, təşkilat və təsərrüfat subyektlərində məhsul istehsalı və satışı, təşkilatların əsas fondlarla, əmək resursları ilə və xammal materiallarla təmin olunması, məhsulun maya dəyərini xarakterizə edən göstəricilər sistemi və onların dəyişməsinə təsir edən amillər kompleks şəkildə təhlil olunub.
“MSV Nəşr” nəşriyyatında çap olunan dərslikdən iqtisadi ixtisaslar üzrə ali məktəblərdə təhsil alan bakalavrlar, magistrlər, doktorantlar, menecerlər, auditorlar və digər mütəxəssislər istifadə edə bilərlər.