ADPU-da soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 31 mart (AZƏRTAC). N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 31 Mart - Azərbaycanlıların soyqırımı günü qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Universitet tələbələrinin və müəllimlərinin iştirakı ilə keçirilən tədbirdə ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev bildirmişdir ki, təcavüzkar erməni millətçiləri xalqımıza qarşı iki yüz ilə yaxın müddətdə soyqırımı siyasəti həyata keçirmişlər. Erməni millətçiləri azərbaycanlıları tarixi torpaqlarından qovmaq, bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə xalqımızı onilliklər boyu müntəzəm surətdə təcavüzə məruz qoymuşlar.
Natiq ermənilərin xalqımıza qarşı vaxtaşırı törətdikləri faciələri xatırladaraq bildirmişdir ki, 1918-ci ilin qanlı mart hadisələrinin üstü uzun illər ört-basdır edildiyi üçün onlar müxtəlif dönəmlərdə təkrarlanmışdır. Ümummilli liderimiz, görkəmli dövlət xadimi Heydər Əliyevin Fərmanı ilə martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.
Digər çıxış edənlər 1918-1920-ci illərdə bədnam erməni daşnaklarının Bakıda, Şamaxıda, Qubada və Azərbaycanın digər şəhər və rayonlarında törətdikləri qanlı hadisələrdən ürək ağrısı ilə danışmışlar.
Natiqlər ermənilərin müxtəlif dövrlərdə xalqımızın başına gətirdikləri müsibətlərdən söz açmış, erməni terrorizminin tarixindən, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri qanlı faciənin səbəblərindən danışmış, gəncləri tarixin ibrət dərslərini unutmamağa çağırmış, ermənilərin əzəli Azərbaycan torpağında törətdikləri cinayətlərə dair çoxlu faktlar gətirmişlər.
1918-ci il qırğınlarının qarşısının alınmasında qardaş Türkiyə əsgərlərinin rəşadəti və fədakarlığı xüsusi vurğulanmışdır.
Tədbirdə ulu öndərin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş torpaqlarının yaxın zamanlarda azad ediləcəyinə inam ifadə olunmuşdur.
Tədbirdə 31 Mart soyqırımını əks etdirən videoçarx nümayiş etdirilmişdir.
######
![]() |
![]() |

