ADU-da ilk dərslər Xocalı soyqırımına həsr olunub
Bakı, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Dillər Universitetində (ADU) ilk dərslər Xocalı soyqırımına həsr olunub.
Dərslər Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, birinci və ikinci növbənin ilk dərslərində müəllimlər Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə törədilən qırğınlar barədə məlumat veriblər. Dərslərdə Xocalı soyqırımı ilə bağlı videoçarxlar nümayiş olunub, tələbələrin iştirakı ilə müzakirələr aparılıb.
Qeyd edək ki, universitetdə Xocalı faciəsinə həsr olunan silsilə tədbirlər keçirilib. Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar universitetin kollektivi “Ana harayı” abidə kompleksini ziyarət edir.