ADU-da V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub YENİLƏNİB
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 24-də Azərbaycan Dillər Universitetinin (ADU) Türkiyənin Səlcuq Universiteti ilə birlikdə təşkil etdiyi V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının açılış mərasimi olub. Öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub. Sonra Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri səsləndirilib.
AZƏRTAC xəbər verir ki, ADU-nun elm və innovasiya məsələləri üzrə prorektoru professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak edir.
Açılış mərasimində, həmçinin Türkiyənin Səlcuq Universitetinin prorektoru professor Haldun Soydalın videotəbriki nümayiş olunub.
Daha sonra Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölməsinin rəhbəri, konfransın təşkilat komitəsinin sədri professor Onur Köksal, Azərbaycan Dillər Universitetinin German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının professoru Qılıncxan Bayramov, ADU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Jalə Qəribova, Səlcuq Universitetinin Mütərcim və tərcümanlıq bölməsinin müəllimi Rövşən Ramizoğlu konfransla bağlı fikirlərini bölüşüblər.
Qeyd olunub ki, Azərbaycan Dillər Universitetində keçirilən V Beynəlxalq Dil və Tərcüməşünaslıq konfransına maraq böyükdür. Dünyanın bir sıra universitetlərindən olan nümayəndələr konfransda tərcümə və dil sahəsində bilik və bacarıqlarını nümayiş etdirirlər.
Konfrans bölmə iclasları davam edib.