ADY tarixində ilk dəfə qadın maşinistlər hazırlayacaq
Bakı, 11 oktyabr, AZƏRTAC
“Azərbaycan Dəmir Yolları” QSC ilk dəfə qadın maşinistlər hazırlayacaq.
ADY-dən AZƏRTAC-a bildirilib ki, hazırlıq prosesi çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində stansiya növbətçisi ixtisasında təhsil alan qadın tələbələr ADY-də xüsusi təlimlərdən keçəcəklər. Təlimlərdən sonra müvafiq imtahanı uğurla başa vuranlar dəmir yolu nəqliyyatının idarə edilməsi üçün vəsiqə qazanacaqlar.
Peşə Təhsil Mərkəzinin bir qrup tələbəsi artıq Bakı Dəmiryol Vağzalında müasir sürət qatarlarının idarə edilməsi ilə yaxından tanış olub, burada ADY mentorları ilə söhbət aparıblar.
Tələbələrin ilkin olaraq istehsalat təcrübəsinə cəlb olunması nəzərdə tutulur.