AFFA BEŞ KLUBU CƏRİMƏLƏMİŞDİR
İclasın qərarına əsasən, oktyabrın 23-də ölkə futbol çempionatının güclülər dəstəsində keçirilən “Olimpik” (Bakı) – “MKT - Araz” (İmişli) görüşündə “Olimpik”in oyunçusu Vüqar Quliyev ikinci sarı vərəqəyə görə növbəti görüşü buraxmalı olacaqdır. Komandanın daha 6 oyunçusu sarı vərəqə aldığı üçün klub, əlavə olaraq, 5 milyon manat cərimə ödəyəcəkdir. “MKT- Araz” klubunun qapıçısı Etibar Tanrıverdiyev rəqibə hücum etdiyinə görə iki oyundan kənarlaşdırılmış, klub 10 milyon manat cərimələnmişdir. Həmin gün keçirilən “Neftçi” – “Gənclərbirliyi” (Sumqayıt) qarşılaşmasında isə Sumqayıt klubunun oyunçusu Patxe Banquara rəqibə bilərəkdən hücum etdiyi üçün iki oyunda komandasına kömək edə bilməyəcək, klub isə 10 milyon manat cərimə ödəməli olacaqdır. Sumqayıtlıların heyətində daha 4 oyunçu sarı vərəqə ilə cəzalandırıldığından komanda, əlavə olaraq, 5 milyon manat cərimə ödəyəcəkdir.
İclasda birinci dəstədəki oyunların da nəticələrinə baxılmışdır. Oktyabrın 19-da keçirilən “Şərur” (Bakı) – “Yeni Yevlax” görüşündə Pərviz Hadıyev (Şərur) və Emin Kazımov (Yeni Yevlax) qırmızı vərəqə aldıqları üçün növbəti oyuna buraxılmamaqla yanaşı, hər klub 100 min manat cərimə ödəyəcəkdir. Bundan əlavə, “Şərur”un 5, “Yeni Yevlağ”ın isə 4 oyunçusu sarı vərəqə aldığına görə hər iki komanda daha 500 min manat məbləğində cərimələnmişdir.