AFFA-NIN BAŞ KATİBİ AZARKEŞLƏRƏ MÜRACİƏT ETMİŞDİR
Bakı, 3 avqust (AZƏRTAC). UEFA-nın tələbinə əsasən, avrokuboklarda çıxış edən klublarımızın ev oyunlarının müəyyən təşkilati işlərinin AFFA tərəfindən həyata keçirilməsi ilə bağlı baş katib Elxan Məmmədov KİV vasitəsilə azarkeşlərə müraciət etmişdir. Müraciətdə qeyd olunur ki, «Bakı» və «Qarabağ»ın avrokuboklarda keçirdiyi son ev oyunlarında cəmi 28 minlik tutumu olan Tofiq Bəhramov adına Respublika stadionuna təxminən 35 mindən artıq azarkeş gəlmişdir. Təbii ki, bu fakt bizi sevindirir. Çünki futbolun inkişafı ilə əlaqədar ölkəmizdə bu idman növünə maraq artır. Amma eyni zamanda, təəssüf ki, klublarımızın qeyd olunan oyunlarında təhlükəsizlik və təşkilatçılıqla bağlı nöqsanlar olub. Bütün beynəlxalq oyunlarda FİFA və ya UEFA-nın nümayəndəsi iştirak edir və oyundan sonra müvafiq hesabat hazırlayır. Təəssüf ki, «Bakı» və «Qarabağ»ın avrokuboklardakı son ev oyunları ilə bağlı hazırlanan hesabat heç də müsbət olmamışdır.
Bununla əlaqədar klublara xəbərdarlıq məktubu göndərilib, eyni zamanda UEFA tərəfindən tövsiyə və tələb olunub ki, klublarımızın qarşıdakı avrokubok oyunlarının təşkilatçılığını AFFA öz üzərinə götürsün və nəzarətdə saxlasın. Təbii ki, AFFA klublarla birgə bu oyunları yüksək səviyyədə təşkil etməyə çalışacaqdır.
Baş katib biletlərin satışı məsələsinə də aydınlıq gətirmişdi. Müraciətdə bildirilir ki, “biletlər artıq hazırdır və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satılır. Biletlərin qiyməti 1 manatdan 3 manata qədərdir. Xahiş edirəm ki, «Qarabağ»ı dəstəkləmək üçün bilet əldə edin və oyunun başlanmasına 2 saat qalmış stadiona gəlin. Unutmayaq ki, bu oyunlarda hər birimiz Azərbaycanı təmsil edirik. İstəmirik ki, klublarımızın beynəlxalq oyunlarda qazandığı uğurun üzərinə UEFA İntizam Komitəsinin hər hansı sanksiyası ilə kölgə salınsın. Ümid edirəm ki, avqustun 6-da «Qarabağ»ı dəstəkləmək üçün stadionda görüşəcəyik!”