AFFA “Turan Tovuz”un baş məşqçisinə 5 oyun cəza verib
Bakı, 16 aprel, AZƏRTAC
AFFA İntizam Komitəsinin (İK) qərarları açıqlanıb.
AZƏRTAC qurumun rəsmi saytına istinadən xəbər verir ki, İK Misli Premyer Liqasının son turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
XXX turun “Səbail”-“Qarabağ” oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.
“Sabah”la oyunda 4 üzvü sarı vərəqə alan “Turan Tovuz” 700 manat ziyana düşüb. Bundan başqa, bölgə klubunun baş məşqçisi Kurban Berdiyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 3-ü şərti olmaqla, 5 oyun cəzalanıb. Rusiyalı mütəxəssis, həmçinin klubunu 4000 manat xərcə salıb. Sınaq müddəti 3 ay təyin edilib.
Eləcə də “Turan Tovuz”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı, hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə Tovuz təmsilçisi daha 1800 manat cərimə edilib.
“Sabah” isə futbolçusu Pavol Şafrankonun ikinci sarıdan qırmızı vərəqə alması səbəbindən 500 manat cərimə ödəyəcək. Hücumçu isə 1 oyun cəzalandırılıb.
“Sumqayıt”la matçda “Şamaxı”nın fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə klub 500 manat cərimələnib.
“Araz-Naxçıvan”la oyunda “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 500 manat cərimə ödəyəcək.
“Zirə” ilə matçda 4 üzvü sarı vərəqə alan “Neftçi” 700 manat cərimə edilib. “Neftçi” isə azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına 2000 manat cərimə edilib.